Avqustun 23-də Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçı çərçivəsində “Kopenhagen”in qonağı olacaq “Qarabağ”ın Danimarkaya səfər proqramı müəyyənləşib.
Qaziler.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin icraçı direktoru Əmrah Çelikəl məlumat verib.
O bildirib ki, Qurban Qurbanovun rəhbəlrik etdiyi kollektiv Kopenhagenə matçın baş tutacağı tarixdən iki gün əvvəl – avqustun 21-də çarter reysi ilə yola düşəcək. Menecer Asif Əsgərov isə təşkilatı məsələləri həll etmək üçün komandadan bir gün qabaq Danimarka paytaxtına gedəcək.
"Kopenhagen" klubu "Qarabağ"ı stadionda dəstəkləmək istəyənlərə müraciət edərək, bilet almaq üçün Azərbaycan klubu ilə əlaqə saxlamalarını tövsiyə edib. Ə.Çelikəl bu məsələdə azarkeşlərə kömək etməyə hazır olduqlarını bildirib: "Avropa ölkələrində yaşayan çoxlu sayda azarkeş bizi dəstəkləmək istəyir. Lakin qonaq komanda olduğumuzdan, bilet satışı ilə məşğul deyilik. Onlara bilet almaqda vasitəçi ola bilərik”.
Qeyd edək ki, “Qarabağ” evdə rəqibini 1:0 hesabı ilə məğlub edib. Avqustun 23-də Danimarka paytaxtında keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.