"Qələbəyə şadam. Sonluqda istədiyimiz kimi çıxış etmədiyimizi gördüm. Çoxlu sayda oyunlar olub ki, fərqlənmək imkanlarımızdan yararlana bilməmişik. Bu dəfə isə əksinə oldu".
Qaziler.az Report-a istinadən xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk səfərdə "İnter"i 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...- Penalti epizodu zamanı Filip Ozobiçlə Cavid Hüseynov arasında dialoq baş verdi. Onlar nəyin mübahisəsini edirdilər?
- Hansı söhbəti etdiklərini eşitmədim. Hər ikisi ştatlı penalti ustalarıdır. Yəqin ki, zərbəni necə vurmağı müzakirə ediblər.
- İlk hissənin sonunda Stiven Jozef-Monrozun hərəkətindən sonra onu Famussa Kone ilə əvəzləmək istəsəz də, sonra fikrinizdən daşındız..
- Sizə kim deyib ki mən onu əvəzləmək istəyirdim?
- Oyun və nəticə gözlədiyiniz kimi oldu?
- Komandamız yenidir. Ona görə təsəvvür eləmək çətindir.
- Komandanın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
- İşləməli olduğumuz çox şey var. Oyunçuların fərdi çıxışı o qədər də xoşuma gəlmədi. Bunun üzərində işləyəcəyik.
- Sizcə, komanda tam komplektləşib?
- Əlbəttə, tam komplektləşib. Düzdür, biz daha artığını etmək istəyirdik, ancaq ideal heç nə yoxdur.
- Araz Abdullayev və Xavi Ernandesin boşluğunu necə dolduracaqsınız?
- Onlar özü komandanı tərk etmək istədilər. Biz də razılaşdıq.
- Son 10 dəqiqədə “İnter” üstünlüyü ələ almışdı. Komandanın 2-3 real qol vəziyyəti var idi. Həmin anlarda “Qəbələ”də nə baş verirdi?
- 2:0 hesabı ilə üstün olduğumuz anda təzyiqi daha da artırmalı idik. Amma əksinə oldu. Komanda qol buraxdıqdan sonra əlavə təzyiq yaranır. Qələbə istəyən komanda oyunu yönləndirməlidir. Futbolçularım bunu öyrənməlidir.
- Bu gün “Qəbələ”nin 4 legioneri kənarda qaldı...
- Əlbəttə istəyirik ki, bütün oyunçularımız şans qazansın. Əsas odur ki, hamısı sağlamdır. Gələcəkdə hər birinə şans verməyə çalışacağam.