“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi, Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran HDQ-nin “Cövşən” raket kateri və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisinin ekipajları mini-futbol üzrə yoldaşlıq görüşlərində güclərini sınayıblar.
Qaziler.az Müdafiə Nazirliyinə istinadən xəbər bildirir ki, Dənizkənarı Milli Parkdakı idman meydançasında təşkil olunan oyunlar olimpiya sistemi üzrə keçirilib.Azərbaycan və İran komandaları arasında keçirilən görüşdə meydan sahibləri 6-3 hesabı ilə qalib gəliblər.
Rusiya və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə Rusiya dənizçiləri 3-2 hesabı ilə uğur qazanıb.
Gərgin final oyununda Azərbaycan dənizçiləri Rusiya komandasına 8-5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə İran dənizçiləri Qazaxıstan komandasını 5-2 hesabı ilə məğlub ediblər.
Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim olunub.