Sentyabrın 2-dən 27-dək Tbilisidə şahmat üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Yarışların qalibi və ikinci finalçı 2018-ci ildə dünya çempionu adı uğrunda iddiaçıların turnirinə vəsiqə qazanacaqlar.FIDE builki Dünya Kuboku yarışlarının 128 iştirakçısının siyahısını açıqlayıb. Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin mükafat fondu 600 min dollar təşkil edir. Bunun 120 min dolları qalib şahmatçı üçün nəzərdə tutulub.
Şəhriyar Məmmədyarov ilk matçda Quançu Liu (Çin), Teymur Rəcəbov isə Xelgi Dam Ziska (Farer adaları) ilə qarşılaşacaqlar. Hər iki şahmatçımız ağ fiqurlarla oynayacaq.
Dünya Kuboku nokaut-sistem üzrə keçiriləcək: iki klassik partiyada hesab bərabər olsa, rəqibləri tay-breq: rapid, blits, lazım gəldikdə “armageddon” gözləyir. Finalda dörd klassik partiya oynanılacaq.
Turnirdə ilk dəfə dünya şahmat tacının sahibi Maqnus Karlsen iştirak edəcək.
Şəhriyar turnirə vəsiqəni yüksək reytinqi sayəsində qazanıb, Teymur isə Təşkilat Komitəsinin nominantlarından biri olub.