Bu gün “Qəbələ” klubu futbol üzrə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələ çərçivəsində Azərbaycan təmsilçisi Bakıda Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək.
Matçı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Kreyq Pauson olacaq. Ona yan xətt hakimləri Li Betts və Adam Nunn (hər ikisi İngiltərədən) kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kevin Friend yerinə yetirəcək.
“Bakcell Arena” stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.
Komandalar arasında iyulun 27-də Afinada təşkil olunmuş ilk oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
“Qırmızı-qaralar” iki görüşün nəticəsinə görə Yunanıstan təmsilçisindən üstün olsa, turnirin pley-off mərhələsinə yüksələcəklər.
Xatırladaq ki, Azərbaycan çempionatının gümüş mükafatçısı ikinci təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubunu mübarizədən kənarlaşdırmışdı.