Ötən həftəsonu Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri keçirilib. Yarışda 50 komanda, ümumilikdə 100 nəfər iştirak edib.
Qaziler.az Modern.az-a istinadən xəbər verir ki, iştirakçılar əvvəlcədən qeydiyyatdan keçərək yarışa qoşulublar. Hər komanda 2 üzvdən ibarət olub: kapitan (14 yaşınadək gənc) və onun bir ailə üzvü. Ailə üzvü olaraq bacı, qardaş, ana, ata, nənə və ya baba yarışda iştirak edib.
Turnirdə ən gənc iştirakçının 6, ən yaşlı şahmatçının isə 75 yaşı olub.
Sürətli şahmat qaydalarına uyğun keçirilən turnir 5 mərhələdən ibarət olub. Komandalar qarşılaşarkən kapitan rəqib kapitanla, ailə üzvü isə rəqib komandanın ailə üzvü ilə mübarizə aparıb. Hər bir üzvün qazandığı xalların cəmi komandanın xalı kimi hesablanıb və ən çox xal toplamış komandalar turnirin qalibi elan olunub.
1-ci yeri Səbinə Rzalının (atası Süleyman Rzalı), 2-ci yeri Mirfamil Seyidlinin ( qardaşı Mirmövsüm Seyidli), 3-cü yeri İsmayıl Məhəmmədin (atası Fərman İsmayıl) komandaları qazanıb.
Tofiq Abdullayev (babası Mehmanağa Quliyev) və Rafael Bayramlının (atası Araz Bayramov) komandaları eyni xal qazandığından hər ikisi 4-cü yerə layiq görülüblər.
İlk 3 yeri tutan komandalar medal və sertifikatla, 4-cü yeri tutanlar isə sertifikatla təltif olunub.
Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və «Ağ At» şahmat klubunun müəllimləri nəzarət edib.
Tədbir şahmatın inkişafı və təbliği, uşaq və yeniyetmələrin, şahmatsevərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.