Bakıda keçirilən atıcılıq üzrə Avropa çempionatında daha 4 dəst medal sahibini tapıb.
Qaziler.az Apasport.az-a istinadən bildirirki, iyulun 21-də start götürən çempionatın 7-ci günündə kişilər və oğlanlar stend, qadınlarla qızlar güllə atıcılığında qüvvəsini sınayıb.
Xanım snayperlər tüfənglə 50 m məsafədən üç vəziyyətdə hədəfə nişan açmaqda həm böyüklər, həm gənclər arasında ən güclüləri müəyyənləşdiriblər. Böyüklər və gənclər arasında yarışların keçirildiyi trapda da mükafatçılar bəlli olub.
Azərbaycan yığması yalnız stend atıcılığında təmsil olunub. Əli Hüseynli, Ramil Rüstəmzadə, Tamerlan Məmmədov, Mirzə Bəşirov böyüklərin, Birmömün Ağazadə, Vaqif Məmmədov, Sabir Mehdizadə isə gənclərin yarışında hədəf önünə keçib. Lakin idmançılarımızdan heç biri mükafatçılar sırasına düşə bilməyib.
Bu gün yarışlarda daha 5 dəst medal sahibini tapacaq. Qadınlar və qızlar 25 m məsafədən tapança ilə atəş açmaqda güclərini sınayacaq.
Qızlar arasında 10 m məsafədən tüfəng və tapança ilə də atəş açacaq. Stend atıcılığının trap növündə isə qarışıq komandalar çıxış edəcək. İştirakçılar arasında Azərbaycan millisinin 7 üzvü də olacaq.
Nəzrin Salamzadə 10 m məsafədən tüfənglə, Leyla Mirzəzadə 10 m məsafədən tapança ilə, Zərifə Kazımova isə 25 metr məsafəyə tapança ilə atəş açmaqda mükafatlar uğrunda mübarizə aparacaq. Əli Hüseynli, Aydan Camalova, Tamer Məmmədov və Şəfəq Əmrahovadan ibarət qarışıq komandamız isə trapda çıxış edəcək.