Əsas yığma ilə yanaşı, gənclərdən ibarət Azərbaycan millisi də fevralın 20-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına verdiyi məlumata görə, komanda orda 2 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Baş məşqçi bildirib ki, yanvarın 26-dək davam edəcək toplanış zamanı hansı komandalarla qarşılaşacaqları hələ məlum deyil: “Çalışırıq güclü rəqiblərlə oynayaq. Düzdü, bizimlə yanaşı, əsas millimiz də həmin vaxt Antalyada olacaq. Ancaq onlarla qarşılaşmaq planımız yoxdu. Türkiyəyə aparacağımız heyəti də demək olar ki, müəyyənləşdirmişik. Təxminən 25-28 oyunçu ilə yollanacağıq. Amma tam konkretləşdirdikdən sonra heyəti açıqlayacağıq”.Qeyd edək ki, fevralın 5-də U-21-lər arasında Avropa çempionatının püşkü atılacaq və Yaşar Vahabzadə də tədbirdə iştirak etmək üçün İsveçrənin Nyon şəhərinə yollanacaq.