Teymur Rəcəbov Cenevrədə qalib oldu

Teymur Rəcəbov Cenevrədə qalib oldu backend

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilmiş FİDE Qran-Prisinin qalibi olub.

Qaziler.az-ın Report-a istinadən məlumatına görə, 30 yaşlı qrossmeyster 9 turluq mübarizənin yekununda 6 xal əldə edib.

O, sonuncu turda ağ fiqurlarla ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, digər rusiyalı Aleksandr Qrişuk da hollan Aniş Giri ilə xalı yarı bölüb. Nəticədə Rəcəbov ən yaxın izləyicilərini yarım xal üstələyərək, liderliyini qoruyub.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə 5 xalla 4 - 10-cu yerləri bölüşüb. Rəcəbov 20 min avro, Məmmədyarov isə 11 min avro mükafata sahib olub.

FİDE Qran-Prisi 4 seriyadan ibarətdir. 24 şahmatçı bunların yalnız 3-də çıxış edir. Artıq 3 seriya başa çatıb. Aktivində 340 xal olan Şəhriyar Məmmədyarov 1-ci, 241,43 xala malik Teymur Rəcəbov isə 2-ci pillədə qərarlaşıb. 4-cü seriya 15 - 26 noyabrda İspaniyanın Palma de Malyorka şəhərində təşkil olunacaq. Məmmədyarov artıq 3 seriyaya qatıldığı üçün sonuncudan kənarda qalacaq. Rəcəbov isə iştirakçılar siyahısında olacaq. Reqlamentə əsasən, 4 seriyalıq FİDE Qran-Prisinin yekununda ilk 2 yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanırlar
Diaspora