Bu gün Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.
Qarşılaşmanı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Mete Kalkavan olacaq. Ona Esat Sancaktar və Erdem Bayik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Halit Umut Meler yerinə yetirəcək.
Hakimlərin işinə Moldovadan olan Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi ingiltərəli Qraham Hover olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.