Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən QAZİLER.AZ -a verilən məlumata görə, kayak və kanoe üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycanın kayak və kanoe üzrə milli komandasının mayın 1-də Çexiyanın Raçitse şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb. Üç gün davam edəcək yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.
Kanoeçilərin mübarizəsində 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) yalnız 200 metr məsafəyə yürüşlərə qatılacaq. Əvəzində Anatoli Melnik elə 1 nəfərlik qayıqla (C-1) 500 metr və 1000 metr məsafələrə yürüş edəcək. Aleksey Kupinlə Avropa çempionu Sergey Bezqlıydan ibarət duet isə 2 nəfərlik qayıqla (C-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə yer alacaq.Kayakçılara gəldikdə, əsas diqqətlər olimpiya çempionu İnna Osipenko-Radomskayanın Azərbaycan yığmasının heyətində ilk böyük yarışdakı çıxışına yönələcək. 33 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr, 500 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaq. İstedadlı kayakçı Mirnazim Cavadov isə kişilərin yarışında 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.
Kayak və kanoeçilər baş məşqçi Aleksandr Kolıbelnikov, eləcə də Anatoli Dudnik və Dmitri Radomskinin rəhbərliyi altında mübarizə aparacaqlar. Yığmanın tərkibi 3 - 5 apreldə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilmiş Beynəlxalq Prezident Kuboku reqatasının yekunlarına əsasən müəyyənləşdirilib. Həmin reqatanın ardından milli komanda elə Mingəçevirdə təlim-məşq toplanışı keçib. Aprelin 28-də səfərə çıxacaq nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının icraçı direktoru Rövşən Kərimov rəhbərlik edəcək.
Qeyd edək ki, Çexiyadakı qitə çempionatı "Bakı 2015" I Avropa Oyunları öncəsi ilk ciddi sınaq olacaq. Oyunlar zamanı kayak və kanoe yarışları 14 - 16 iyunda keçiriləcək.