Bu gün "Bakı 2015" I Avropa Oyunlarına 50 gün qalması münasibətilə mərasim keçirilib.
Qol.Az-ın məlumatına görə,mükafata layiq görülmüş fransız rəssam Dafne Bitçaç da daxil olmaqla 4-ü azərbaycanlı, 4-ü də Avropa ölkələrindən gələn 8 rəssam Avropa Oyunlarının maskotları Ceyran və Narın heykəllərini bəzəmək üçün Bakıya dəvət olunublar.Rəssamlar boyamanı bitirəndən sonar, bu heykəllər Oyunlar zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif nöqtələrində yerləşdiriləcək.
Azərbaycan Respublikasının gənclər və idman naziri, "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimov bu barədə deyib: “Bakı-2015"in başlamasına 50 gün qaldığı bir vaxtda yaradıcılıqları ilə ilk Avropa Oyunlarına yaddaşlara həkk olunacaq töhvə verəcək 8 rəssamın hər birini salamlayıram. "Bakı-2015"i bizimlə birlikdə bayram edən bütün azarkeşlər, onların yaratdıqları incəsənət nümunələrini izləyə biləcəklər. Bu nümunə eyni zamanda, Avropanın fərqliliyini vurğulayacaq”.
Tədbirə cəlb olunan digər rəssamlar italiyalı Albert Loro, alman İnge H.Şmidt və latviyalı Andris Vitolinsdi. Azərbaycanlı rəssamlardan isə Nailə Sultan və Eldar İbadullayev, eləcə də, Azərbaycan Dövlət Tətbiqi İncəsənət Akademiyasının müsabiqəsində qalib gəlmiş iki tələbəsi Fidan Novruzova və Fərəh Mirzəyeva da tədbirə dəvət olunublar.
Dafne Bitçaç tədbirdə iştirak edəcək səkkiz rəssamdan biri olduğu üçün məmnunluğunu bildirib: “İlk Avropa Oyunları üçün bu cür yaddaqalan töhvə yaratmağa dəvət olunmağım mənə qürur hissi verir. Bu, bizə, "Bakı-2015"i yüksək səviyyəli tədbirə çevirmək və Avropa Oyunlarının sosial irsinə öz töhvəmizi vermək üçün möhtəşəm imkan yaradır”.
Avropa Oyunlarına 50 gün qaldığı bir vaxtda, bu yay Bakıda gerçəkləşəcək möhtəşəm idman bayramına son hazırlıqlar davam etməkdədir. Ötən həftə boks və güləş üzrə beynəlxlaq turnirlərlə idman növləri üzrə test yarışları proqramına yekun vurulub. "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakı Kristal Zalı və Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların təşkilatçılığından və qazanılan müvəffəqiyyətdən məmnunluğunu ifadə edib.