IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının beşinci günündə 4 idmançımız rinqə çıxacaq.
AZƏRTAC xəbər verir ki, bunlardan 3-ü turnirdə ikinci döyüşünü keçirəcək. Bir idmançımız ilk dəfə İslamiada həyəcanı yaşayacaq.Elvin İsayev (64 kq) İslamiadada ilk döyüşünü özbəkistanlı Aliyor Noraliyova qarşı keçirəcək.
Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə yarımfinala çıxmaq üçün Abrorjon Kodırova (Özbəkistan) qalib gəlməlidir. Kamran Şahsuvarlının (75 kq) dörddəbir finalda rəqibi türkiyəli İhsan Ərdoğan olacaq. Oyunlarda 81 kiloqram çəki dərəcəsindəki təmsilçimiz Rauf Rəhimov dörddəbir finalda pakistanlı Əli Xan ilə üz-üzə gələcək.
Qeyd edək ki, milli komandamızın üzvlərindən Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yarımfinala yüksəliblər.