Bu gün Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında kişilərdən ibarət komandamız yarışıb.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, kişilərin yarışında Murad Ağarzayev, Timur Bayramov və Bense Talas qüvvəsini sınayıb. Yığmamız komanda hesabında 161,700 xal toplayıb.Yalnız Türkiyədən (163,450) geri qalan millimiz 2-ci yeri tutub. 3-cü pillədə isə 152,150 xalı olan İran qərarlaşıb.
Dəstəli atda Bense (14,100) 2-ci, Ağarzayev (13,850) 3-cü yerlə finala yüksəlib. 6-cı olan Bayramov (13,000) üçün yarış başa çatıb.
Dayaqla tullanmada Ağarzayev (12,350) 8-ci yerlə finala yüksəlib. Turnikdə Talas (14,150) 1-ci, Murad (12,800) 5-ci yerlə həlledici mərhələyə vəsiqə qazanıb. 12,200 xalla 8-ci olan Timur isə mübarizəni dayandırıb.
Qeyd edək ki, fərdi yarışlarda final mərhələsi sabah keçiriləcək.