Bu gün IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edəcək.
Qaziler.az-ın məlumatına görə, idmançıların fərdi mübarizəsində 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.81, 90, 100, +100 kq çəki dərəcəsində kişilər, 70, +78 kq çəkidə qadınlar, 66, 73, 90 və +100 kq çəkidə isə kişilərin paracüdo yarışlarında medallar öz sahiblərini tapacaqlar.
Millimiz bu gün 3 çəki dərəcəsində 4 cüdoçu ilə təmsil olunacaq.
Kişilər
90 kq
Bu çəkidə ölkəmizi Məmmədəli Mehdiyev təmsil edəcək. Cüdoçumuz mübarizəyə 1/4 finaldan start verəcək. Onun ilk rəqibi isə Mixail Marçitan (BƏƏ)/Abdalkərim Albişi (Səudiyyə Ərəbistanı) cütünün qalibi olacaq.
100 kq
Ağır çəkidə millimiz adından iki cüdoçu güləşəcək. Son Avropa çempionu Elxan Məmmədov və Elmar Qasımov əsas medal ümidlərimizdir.
Təcrübəli Məmmədov yarışa 1/4 finaldan başlayacaq. Yarımfinal üçün o, Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Manianı yolundan kənarlaşdırmalıdır.
Elmar Qasımov da turnirə həmin mərhələdən start verəcək. Onun ilk rəqibi Ali Erdoğan (Türkiyə)/Mahbulla Mohammedi (Əfqanıstan) mübarizəsinin qalibi olacaq.
Qadınlar
+78 kq
Legioner təmsilçimiz İrina Kindzerska yarımfinala çıxmaq üçün toqolu Noelin Koro və əlcəzairli Sonia Assela ilə dairəvi sistemlə mübarizə aparacaq.
Qeyd edək ki, cüdoçuların fərdi mübarizəsinin ilk günündə kişilərdən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.
Qadınlardan isə Erdenebat Bazarraqça (48 kq) hamıdan güclü, Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) isə ikinci olub.