Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan milli komandası üçün rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamız qızıl medal sayında tarixinin ən yaxşı nəticəsini göstərib.
2005-ci ildə keçirilən ilk oyunlarda cəmi 4, 2013-cü ildəki üçüncü yarışda 6 qızıl medal əldə edən Azərbaycan Bakıdakı idman tədbirinin mükafatların oynanıldığı ilk günündə rekord vurub. Belə ki, artıq millimizin 7 qızıl qazandığını söyləmək olar.Düzdü, hesabımızda rəsmi olaraq 4 çempionluq var. Atıcılıqda Ruslan Lunyov (tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq) və Erdenebat Bazarraqça (cüdo, 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Lakin yığmamızın bu gün daha üç qızıl medal qazanacağı dəqiqdi. Çünki üç finalda Azərbaycan dueli olacaq. Bunlardan biri cüdo, ikisi paracüdoda baş tutacaq. Kişilərin 73 kq çəki dərəcəsində Hidayət Heydərovla Rüstəm Orucov üz-üzə gələcək. Paracüdoda isə Afaq Sultanova ilə Sevda Vəliyeva (57 kq), Ramilə Koştayeva ilə Turanə Əliyeva (70 kq) qadınların yarışında qarşılaşacaq.