“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir atıcısı medal qazanıb.
Qaziler.az-ın Report-a istinadən məlumatına görə, bu, qadınlar arasında səngər stendi növündə yarışan Şəfəq Əmrahovadır.35 yaşlı idmançı təsnifat mərhələsində Aydan Camalova ilə birgə çıxış edib. Onların 5 rəqibi olub. Camalova ilk 3 raundu üst-üstə 54 xalla 5-ci pillədə tamamlayıb. Əmrahova isə 48 xalla 6-cı olub. Nəticədə hər iki atıcı finala yüksəlib. Həlledici mərhələdə Əmrahova 37 xalla 2-ci, Camalova 13 xalla 6-cı olub. Türkiyəli Nuhan Gurer 41 xalla qızıl, qətərli Xalud Hassan əl-Xələf 29 xalla bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Şəfəq Əmrahovadan əvvəl kişilərin mübarizəsində 25 metr məsafədən tapança ilə mərkəzə atış yarışında Ruslan Lunyov Azərbaycana qızıl medal qazandırıb.