“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib.
Qaziler.az xəbər verir ki, günün ilk oyununda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları üz-üzə gəlib.“Sərhədçi” İdman Olimpiya Mərkəzindəki görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Georgi Voronovun baş məşqçi olduğu komanda ilk hissəsini 24:13 hesabı ilə öndə tamamlayıb.
Fasilədən sonra da hücumlarını davam etdirən yerli həndbolçular yekunda daha böyük fərqlə qalib olublar - 42:25.
Bu qələbə sayəsində Azərbaycan millisi finala yüksəlib və ən azı gümüş medalı təmin edib.
Bu, medalı təmin edən ilk komanda olub. Həlledici qarşılaşmada rəqib bu gün saat 13:30-da başlanacaq Türkiyə - Kamerun matçının qalibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da başlanacaq.