“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının VI yarış günündə 12 idman növü üzrə mübarizə gedəcək.
Qaziler.az-ın verdiyi məlumata görə, cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük, ağırlıqqaldırma, idman gimnastikası və su polosu üzrə yarışlara da start veriləcək.Həndbolda finalçılar müəyyənləşəcək. Qadınlardan ibarət Azərbaycan yığması Özbəkistan millisi ilə üz-üzə gələcək.
Voleybolda II turun oyunları baş tutacaq. Azərbaycanın kişi və qadınlardan ibarət komandaları müvafiq olaraq, Türkiyə və Tacikistanla qarşılaşacaqlar.
Su polosunda isə millinin rəqibi İran olacaq.
Azərbaycanın ümumilikdə 6 karateçisi - Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), bayraqdar Rafael Ağayev (75 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyeva (61 kq) vuruşacaq.
Boksda Məsud Yusifzadə (52 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) bacarığını nümayiş etdirəcək.
Bundan başqa, 4 qadın paracüdoçu və 4 kişi, 6 qadın cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.
Ağırlıqqaldırma növündə 1 kişi və 3 qadın idmançı "körpücük" üzərinə çıxacaq.
Üzgüçülük növündə Azərbaycan bu gün yalnız kişilərin yarışında təmsil olunacaq. Onlardan 200 m məsafəyə arxa üstə üzgüçülükdə Boris Kirillov, eləcə də 4✕100 m məsafəyə sərbəst estafetdə Azərbaycan komandası finala qatılacaq.
Bədii gimnastika növündə gürz və lentlə hərəkətlər yekunlaşdıqdan sonra həm finalçılar, həm də Azərbaycanın komanda çoxnövçülüyündə finalda tutacağı yer müəyyənləşəcək.
İdman gimnastikasında kişi və qadınlar müxtəlif hərəkətlər üzrə təsnifat mərhələsinə başlayacaqlar.
Atıcılıq növündə 2 kişi və 8 qadın idmançı qüvvəsini sınayacaq.
Nəhayət, tennisçi kişi və qadınların komanda yarışında Azərbaycanın 2-ci tur rəqibləri Qətər və Türkmənistan olacaq.