Paytaxtımız 20 idman növü üzrə yarışların keçiriləcəyi təmsil olunacağı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.
APA TV-nin xəbərinə görə, bu oyunların proqramına ilk dəfə olaraq gimnastika idman növü də daxil edilib. Budəfəki media tur Milli Gimnastika Arenasına oldu.
Gimnastika Arenasında oyunların keçirilməsi üçün əsas zal yarışa tam hazırdır. Məşq zalında isə son tamamlanma işləri gedir və may ayının 6-dan etibarən idmançılar buraya gələrək, məşq edə biləcəklər. Yarışların keçiriləcəyi əsas zalın 10 minə yaxın tamaşaçı tutumu var. Media otağında isə jurnalistlərin rahat işləməsi üçün hər bir şərait yaradılıb.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov bildirib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında gimnastikanın üç növündə təmsil olunacaq: "İdman gimnastikası 2 yerə bölünür - qadın və kişi idman gimnastikası. 3 gimnastika növü ilə təmsil olunuruq. 3 idman növü Olimpiya idman növüdür. Azərbaycan 9 idmançı ilə qatılacaq. Hər bir idman növündə komanda yarışları da olacaq".
Baş katib qeyd edib ki, artıq püşkatma keçirilib, rəqiblər məlumdur: "Biz artıq rəqiblərimizin siyahısını da görmüşük, yaxşı nəticə göstərməyə qadirik. Əsas rəqibimiz özümüzük, idmançılar özlərinə qalib gəlməlidirlər. Özlərinə qalib gəlsələr, hər şey yaxşı olacaq. Biz medallar uğrunda mübarizə aparacağıq".
Baş məşqçi Marianna Vasilyeva hazırlıqların normal səviyyədə, planlaşdırıldığı kimi getdiyini deyib: "Mariya Durundanın zədəsi artıq 80 faiz bərpa olunub. Ümid edirik ki, bu, onun Avropa çempionatı öncəsi ilk və uğurlu startı olacaq. İnanıram ki, təkcə o deyil, eləcə də komanda yoldaşları Jalə Piriyeva və Zöhrə Ağamirova da yaxşı çıxış edəcəklər".
Hazırda dayandığımız zalda gimnastlarımız məşq edir. Jalə Piriyevanın gözləntiləri isə bu yarışlarda qızıl medala sahib olmaqdır: "Həyəcan var. Çox az müddət qalıb, çox diqqətlə hazırlaşırıq. Biz komanda olaraq qızıl medal qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, yarışlarda gimnastika üzrə ümumilikdə 16 ölkədən olan idmançıların çıxış edəcəyi gözlənilir. Ölkəmizi Oyunlarda bədii gimnastlar Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.