"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel komandasının Azərbaycan kubokunun finalına yüksəlməsi haqda təəssüratlarını bölüşüb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu uğuru sevinclə qarşılayan T.Gözəl finaldakı rəqibin “Neftçi” olduğu üçün ikiqat sevindiyini deyib:"Bu, mənim "Qarabağ"la 3-cü finalım olacaq. 2006 və 2009-cu illərdə Azərbaycan kubokunu qazanma sevincini yaşamışıq. Altı il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudur. Üstəlik, rəqibimizin "Neftçi" olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə iki qat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman "Neftçi"ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi, "Qarabağ" - "Neftçi" oyunu aslanlar qarşılaşması kimidir".
Klub rəsmisi kubokun final matçının keçiriləcəyi məkanla bağlı da fikirlərini bildirib: “Final görüşünün Qəbələ və ya baş bir şəhərdə keçirilməsi də olduqca xoş bir xəbərdir. İstənilən halda belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir. Futbol ictimayyətini, azarkeşləri olduqca maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm. Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə, azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim".