Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku"nun üzvü Elçin Əsədov Mərakeşdə təşkil edilən "Tour de Maroc" yarışının 7-ci mərhələsinin qalibi olub.
Azərbaycan Velosiped İdmanı Federasiyasından “Report”a verilən məlumata görə, 184,5 km-lik marşrutun lap əvvəlindən irəli atılan Elit yığma komandanın üzvü ilə təqib qrupu arasında vaxt fərqi müəyyən zaman kəsiyində 7 dəqiqədən də artıq olub.Bu üstünlüyünü sonadək qoruyan E.Əsədov Mərakeş idmançısı Hatim Kamruçi ilə finişi 4 saat, 57 dəqiqə, 11 saniyəyə keçib və fotofinişə əsasən mərhələdə qalib adına layiq görülüb.
"Synergy Baku"nun digər üzvü Yosip Rumaç isə 18 saniyə geri qalmaqla 7-ci mərhələni 3-cü yerdə bitirib. Yeri gəlmişkən, Rumaç ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "Dağlar Kralı" köynəyini də özündə saxlayır.
Qeyd edək ki, "Tour de Maroc"un 1-ci və 4-cü mərhələləri Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb və hazırda idmançı ümumi təsnifatda 3-cü yerdə qərarlaşır.