Xorvatiyada velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubu tərəfindən “Bakı-2015 ilk Avropa Oyunlarına velosipedlə” layihəsi həyata keçiriləcək.
Azərbaycanın Xorvatiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, layihəyə əsasən, 7 velosipedçinin mayın 5-də Xorvatiyanın Dubrovnik şəhərindən yol çıxaraq, təqribən 4000 kilometr məsafə qət etdikdən sonra Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi planlaşdırılır. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüş Xorvatiya-Monteneqro-Albaniya-Makedoniya-Yunanıstan-Bolqarıstan-Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu üzrə baş tutacaq.“Pedalinac” klubu 2008-ci il Olimpiadası ərəfəsində Zaqreb-Pekin marşrutu üzrə 12 min kilometrlik uzunluğunda dörd aylıq veloyürüş təşkil etmişdi. Daha sonra - 2012-ci London və 2014-cü il Soçi olimpiadalarından əvvəl Xorvatiyadan həmin şəhərlərə də velosiped yürüşləri həyata keçirilmişdi.