“Bakı-2015“in məşəl proqramının təqdimatı oldu

“Bakı-2015“in məşəl proqramının təqdimatı oldu backend

Bu gün Bakı-2015 Avropa Oyunlarının məşəl proqramının təqdimatı keçirilib.

Qol.Az-ın "Trend"ə istinadən verdiyi məlumata görə, təqdimatda Azərbaycanın gənclər və idman naziri və "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı-2015-in mərasimlər üzrə direktoru Katerina Uqvu və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri A.Rəhimov qeyd edib ki, Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisədir: "Bu, Avropa ailəsinin müstəqil, gələcəyə ümidlə baxan bir üzvü kimi, ölkəmizin inkişafına böyük təsir göstərəcək".

Nazir qeyd edib ki, Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılacaq.

A.Rəhimov bildirib ki, ölkə boyunca 60 rayona səyahət edərək Oyunların ruhunu yayacaq və insanların qəlblərini isidəcək alov 47 gün sonra, iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafə qət edəcək: "Özünəməxsusluğu ilə fərqlənəcək bu səyahət Azərbaycanın tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək".

Nazir deyib ki, 660 sm hündürlüyü olan məşəlin gövdəsi Bakı-2015 brendində yer alan nar ağacını xatırladır. Onun sözlərinə görə, alovu qoruyan mis başlıq da nar formasındadır - onun 50 dənəsi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

A.Rəhimov vurğulayıb ki, alov hər məntəqədə Məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək.

Nazirin sözlərinə görə, Məşəl səyahətində 150 yaradıcı komanda, 132 nəqliyyat vasitəsi iştirak edəcək: "Məşəl iyunun 7-də Bakıya qayıdacaq və Oyunların açılış gününə qədər paytaxtda maraqlı tədbirlər keçiriləcək. Onların sırasına 8 iyun tarixində İdman arenaları günü, 9 iyunda İçərişəhər günü, 10 iyunda İncəsənət və memarlıq günü, 11 iyunda isə Məşəl proqramının son günü olaraq keçiriləcək tədbirlər daxildir".

A.Rəhimov əlavə edib ki, Bakı-2015-in məşəl və çırağını YARAT-ın bədii rəhbərliyi ilə Sebastian Berqne dizayn edib: "Dizayner məşəlin hazırlanmasında Azərbaycanın ənənəvi metal işləmə sənətindən bəhrələnib. Beləliklə, məşəl milli-mənəvi varlığımızı tərənnüm edən daha bir vasitəyə çevriləcək".

Bakı-2015-in mərasimlər üzrə direktoru K.Uqvu isə qeyd edib ki, Alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhvali-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Onun sözlərinə görə, səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək.

K.Uqvu bildirib ki, səyahət zamanı ümumilikdə 1000-dən çox məşəlçi iştirak edəcək: "Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq".

Daha sonra Məşəlin və Çırağın dizaynı ictimaiyyətə təqdim edilib.
Diaspora