Suriyalı futbolçu Firas Əl-Xatib yenidən ölkəsinin milli komandasında çıxış etməyə razılıq verib. "Report"un məlumatına görə, 2012-ci ildə Suriyada baş vermiş iğtişaşlar zamanı müxaliflərin tərəfini tutan və yığmaya gəlməkdən imtina edən 34 yaşlı hücumçu qərarını dəyişib.
O, 2018-ci il dünya çempionatının seçmə mərhələsində martın 23-də evdə Özbəkistan, martın 28-də isə səfərdə Cənubi Koreya yığması ilə qarşılaşacaq Suriya milli komandasının heyətinə qayıdıb.2001-ci ildən yığmaya dəvət alan F.Əl-Xatib komandanın ən məhsuldar futbolçusudur. Hazırda Küveytin "Əl-Küveyt" klubunda çıxış edən hücumçu millidə keçirdiyi 51 oyunda 26 qol vurub.
Qeyd edək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsinin Asiya zonasında A qrupunda yer alan Suriya yığması 5 turdan sonra 5 xalla 4-cü pillədə qərarlaşıb.