Qətər milli komandasının futbolçuları Yasir Abu Bəkr və Pedro Migel bu gün Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq matçı barədə fikirlərini bölüşüblər. "Report"un məlumatına görə, Qətər Futbol Federasiyasının rəsmi saytına danışan yarımmüdafiəçilər oyunun əhəmiyyətinə diqqət çəkiblər.
Yasir Abu Bəkr bildirib ki, Azərbaycan milli komandası ilə oyun qətərli futbolçuların fikizi və texniki hazırlıqları üçün vacibdir. O, görüşün martın 23-də evdə İranla, martın 28-də isə Özbəkistanla səfərdə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçlarına hazırlıq xarakteri daşıdığını söyləyib: "Azərbaycan yığması ilə oyun 2018-ci il dünya çempionatının seçmə mərhələsində İran və Özbəkistan yığmalarına qarşı keçirəcəyimiz görüşlər ərəfəsində yaxşı təcrübədir. Hazırlıq səviyyəmizi təkminləşdirmək üçün maksimum güc sərf edəcəyik. Bu görüş seçmə mərhələnin oyunlarına taktiki cəhətdən hazırlaşmaq üçün çox önəmlidir".Qətərin "Əl-Caiş" klubunda çıxış edən 26 yaşlı futbolçu azarkeşləri Azərbaycan milli komandası ilə oyun qətərli futbolçulara dəstək olmağa çağırıb: "Güclü komanda ilə qarşılaşacağıq. Rəqibimiz DÇ-2018-in seçmə mərhələsində yaxşı nəticələr göstərib və yaxşı şansları var. Azarkeşləri Azərbaycan və İran milli komandaları ilə ev oyunlarımızda yığmamızı dəstəkləməyə çağırıram. Komandamıza dövlət dəstəyinin olması da müsbət təsirini göstərəcək".
Onun fikirlərinə yarımmüdafiəçi Pedro Migel də qoşulub. 27 yaşlı futbolçu bildirib ki, Azərbaycanla oyun yoldaşlıq görüşü olsa da, formallığa çevirmək olmaz. O, İran yığması ilə vacib və taleyüklü oyuna hazırlıq məqsədi daşıyan matçda bütün imkanlardan yararlanmağa çalışacağını vurğulayıb: "Mundiala vəsiqə şanslarımız hələ var. İranla qarşılaşmaya hazır vəziyyətdə çıxmaqdan ötrü hazırkı dövrdə bütün mümkün olanı etməliyik".
Qeyd edək ki, Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.