Mübariz Mənsimovun klubu “Futbol+” qəzetinin borcunu vermir

Mübariz Mənsimovun klubu “Futbol+” qəzetinin borcunu vermir backend

“Xəzər Lənkəran” futbol klubu ilə “Futbol+”qəzeti arasında qalmaqal yaşanır. Musavat.com xəbər verir ki, qəzetin baş redaktoru Mahir Rüstəmli bununla bağlı klubun sponsoru, fəxri prezidenti, iş adamı Mübariz Mənsimova yazdığı məktubda qeyd edib:

- Hörmətli Mübariz müəllim!

Nəzərinizə çatdırıram ki, rəhbərlik etdiyim “Futbol+” qəzetinin “Xəzər Lənkəran” futbol klubu ilə uzunmüddətli reklam əməkdaşlığı olub. Ötən illərdə klubla qəzet arasında normal, işgüzar, hər iki tərəf üçün faydalı münasibətlər formalaşıb. Biz daim müqavilə öhdəliklərinə əməl etməyə çalışmışıq və insafən, klubdan da eyni xoş münasibəti görmüşük.



“Futbol+” ilə “Xəzər Lənkəran” arasında sonuncu reklam müqaviləsi 2015-ci il iyulun 1-də imzalanmış və 2016-cı il mayın 31-nə qədər nəzərdə tutulmuşdu. Bütün əvvəlki müqavilə dövrlərində olduğu kimi, sonuncu dəfə də üzərimizə düşən öhdəlikləri yerinə yetirmişik, qəzetin 1-ci səhifəsində klubun reklamı yer alıb.
Ötən ilin mayından, yəni müqavilə qüvvədən düşəndən bəri klubla reklam əməkdaşlığı dayanıb. Amma təəssüf ki, sonuncu müqavilə üzrə qəzetə çatmalı olan vəsaiti klubdan ala bilmirik. Daha dəqiqi, hazırda “Xəzər Lənkəran”ın “Futbol+” qəzetinə ödəməli olduğu pulun məbləği 9000 manatdır. Yəni 2015-ci ilin son 4 ayı (sentyabr, oktyabr, noyabr, dekabr) ilə yanaşı, 2016-cı ilin ilk 5 ayı (yanvar, fevral, mart, aprel, may) üçün də ödəniş olmayıb.

Hörmətli Mübariz müəllim! Bildiyiniz kimi, 2015-ci il dekabrın 21-də Azərbaycanda manatın növbəti devalvasiyası baş verdi və 1 ABŞ dollarının məzənnəsi 1,05 manatdan 1,55 manata yüksəldi. Belə demək mümkünsə, klubun bizə ödəməli olduğu pul da dəyərsizləşdi. Digər tərəfdən, bu məqamı da xüsusi vurğulamaq istəyirəm ki, “Futbol+” vergi ödəyicisi kimi kluba göndərilən vergi-hesab fakturaları üzrə nəzərdə tutulan məbləği daim, vaxtında vergi orqanlarına ödəyib. Reklam pullarını ala bilməsək də, vergi ödənişlərini vaxtında etmişik.

Son ilyarımda klubun Bakıdakı rəhbərliyinə müraciətlərimizə, görüş istəyimizə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə təmasdan qaçıblar. Şəxsən mən dəfələrlə klubun mətbuat katibi, “Palmali”nin sözçüsü Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlamışam, şirkərin Bakıdakı ofisinin rəhbərlərindən biri, eyni zamanda klubun vitse-prezidenti olan Tuyqun Nadirov qəzet rəhbərliyinə görüşəcəyini desə də, uzun müddətdir hansısa səbəblərdən görüşdən yayınır. Klubun Bakıdakı ofisinə və “Palmali”nin rəsmi elektron ünvanına göndərdiyimiz məktublara da bu günə qədər cavab ala bilməmişik.
Aradakı səmimi münasibətləri nəzərə alaraq, indiyə qədər məhkəməyə müraciət etməmişik. Sizə müraciət etməkdə məqsədimiz budur ki, “Xəzər Lənkəran”ın “Futbol+”ə borclu olduğu pulun ən qısa müddətdə ödənilməsinə dair göstəriş verəsiz.

Musavat.com
Diaspora