İordaniya IV İslamiadada 11 idman növündə təmsil olunacaq

İordaniya IV İslamiadada 11 idman növündə təmsil olunacaq backend

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya 11 idman növündə təmsil olunacaq. "Report"un məlumatına görə, bu barədə İordaniya Olimpiya Komitəsinin baş katibi Nasser Majali məlumat verib.

Komitə rəsmisi bildirib ki, "Bakı 2017"yə taekvondo, tennis, cüdo, atıcılıq, üzgüçülük, karate, güləş, boks, uşu, basketbol (3X3) və paralimpiya növlərində 70 idmançının yer aldığı geniş heyətlə Azərbaycana səfər edəcək. N.Majalinin sözlərinə görə, bu, İslam Həmrəyliyi Oyunları tarixində ölkənin ən böyük nümayəndə heyəti olacaq: "İslamiada bizim idmançılar üçün çox önəmlidir. Yarışda təcrübə qazanmaq və uğurlu çıxış etmək istəyirik. İordaniya Olimpiya Komitəsinin prezidenti Şahzadə Faysal idmançılarımızın ölkəmizi ən yüksək səviyyədə təmsil etməsi üçün bütün lazımi dəstəyi verəcək".

İordaniya əvvəlki İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 9 medal qazanıb.

Onlardan 3-ü qızıl, 1-i gümüş, 5-i isə bürüncdür.

Qeyd edək ki, 57 ölkənin iştirak edəcəyi IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək.
Diaspora