"Reynaldonun "Adanaspor"a keçidi ilə bağlı prinsipial razılıq var. Transferin reallaşması üşün xırda detallar qalıb. Ən əsası, hər bir keçid tibbi müayinədən sonra yekunlaşır".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Azərbaycanın futbol agenti Tural Əsgərov bildirib. "Qarabağ"ın braziliyalı hücumçusu Reynaldo Silvanın Azərbaycandakı təmsilçisi olan menecer müştərisinin aylıq qazancını müqayisə edib:
"Reynaldonun "Adanaspor"dakı məvacibi təxminən "Qarabağ"dakı məbləğdir. Transfer məbləğini açıqlamaq mənim səlahiyyətimdə deyil. Bunu yalnız klub deyə bilər. Ancaq futbolçunun maaşının "Qarabağ"dakı qədər olduğunu söyləyə bilərəm. Fərq ondadır ki, son anda bir dəyişiklik olmasa, Reynaldonun "Adanaspor"la müqaviləsi böyük ehtimalla 2,5 illik olacaq. Halbuki onun "Qarabağ"la 1,5 illik müqaviləsi qalmışdı".
Əsgərov bildirib ki, Reynaldo "Qarabağ"a gələndən 1 - 1,5 il sonra ona təkliflər göndərilib. Ancaq buna baxmayaraq, legioner həmin vaxt "Qarabağ"da qalmağa razılaşıb:
"Reynaldo müqaviləsini yenilədi, müddəti uzatdı. Qışda da təklifi vardı. "Qarabağ" da hesab edirdi ki. yerini dəyişsə, yaxşı olar. Çünki futbolçuda müəyyən bir geriləmə hiss olunurdu. Davamının olmaması üçün dedilər ki, indi onları qane edən təklif olsa, gedə bilər. Reynaldo buna etiraz etmədi. O, bacarıqsız, lazımsız futbolçu deyil ki, bir yerdən yapışsın. Görür ki, burda onu əvvəlki kimi istəmirlər. Həm də 4 ildir bir klubdadır. Şəxsi fikrim budur ki, Reynaldo "Qarabağ"dan aşağı səviyyəli kluba, ancaq xeyli güclü çempionata gedir".
Qeyd edək ki, "Adanaspor" Türkiyə Super Liqasında 18 komanda arasında 16-cı yerdə qərarlaşıb.