“Prosineçki ilə hərtərəfli anlaşma əldə etmişik“ - “Bursaspor“ rəsmisi

“Prosineçki ilə hərtərəfli anlaşma əldə etmişik“ - “Bursaspor“ rəsmisi backend

“Robert Prosineçkini “Bursaspor”a gətirmək ümidimiz itməyib. Bakıdakı nümayəndələrimiz danışıqları davam etdirirlər”. Bu sözləri apasport.az saytına “Bursaspor” klubunun vitse-prezidenti Ali Adəmoğlu deyib.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini “Bursaspor”un “sükanı arxası”na keçirmək üçün dəridən-qabıqdan çıxan Superliqa təmsilçisi xorvatiyalı mütəxəssislə ortaq məxrəcə gəlib.

Adəmoğlu son sözü AFFA-nın deyəcəyini bildirib: “Prosineçki ilə danışıqları yekunlaşdırmışıq və onunla hərtərəfli anlaşma əldə etmişik. Onun Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə müqavilə müddəti davam etdiyindən, hər şey bizdən asılı deyil. Hazırda Bakıda olan nümayəndələrimiz bunu da yoluna qoymağa çalışırlar. Onlar bu gün AFFA rəhbərliyi ilə bir araya gəlib, bu məsələni müzakirə edəcəklər. İnanırıq ki, AFFA tərəfinin də razılığını ala biləcəyik. Bu həftə Prosineçkini komandanın başına gətirmək fikrindəyik”.

“Bursaspor”un vitse-prezidenti Prosineçki ilə anlaşmanın detalları barədə məlumat verməkdən imtina edib: “Bunun üçün gərək AFFA ilə də anlaşaq. Ondan sonra Prosineçki ilə müqavilə müddətini və detalları açıqlayacağıq. Onun eyni anda hər iki yerdə işləməsi variantı da var. Amma bu barədə ətraflı məlumata malik deyiləm. Çünki danışıqları Azərbaycandakı klub rəsmiləri aparırlar. Ümid edirik ki, AFFA rəhbərliyi ilə bu gün keçiriləcək görüş müsbət nəticələnəcək”.

Qeyd edək ki, “Bursaspor”un İdarə Heyətinin üzvü Yüksəl Çolak və meneceri Hüseyin Gedik danışıq aparmaq məqsədilə Bakıdadılar.


Diaspora