Yanvarın 15-də Qobustan Rayon Olimpiya Mərkəzində Azərbaycan Qocyuru Okinava Karate do və Kobudo Federasiyası (AQOKKNF) Qobustan Rayon İcra Hakimiyyəti ilə birgə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həcr olunmuş Açıq Respublika Turniri keçirilib.
Yarışda Bakının Yasamal, Nizami, Xətai, Qaradağ, eyni zamanda respublikamızın Qobustan, Yevlax, Hacıqabul, Şirvan, Göyçay, Zərdab rayonlarından olan 100-dən çox idmançımız iştirak edib. Həmin idmançılar müxtəlif yaş qruplarında və çəki dərəcələrində çıxış ediblər.
VKF və kata növləri üzrə keçirilən turnir gərgin idman mübarizəsi şəraitində keçib.
Bu yarışda Bakı şəhərindən “Ağ at”, “Ruslan”, “Sərhədçi” idman klublarından, Yasamal, Qaradağ, Qobustan, Yevlax və Şirvan rayonlarından olan idmançılar xüsusilə fərqləniblər.
Yarışların birinci mərhələsində idmançılardan Seyid Abbasov, Hüseyn Məmmədov, Rəvan Əkbərov, Fəqan Şərifzadə, Abdulla Abdullayev, Tofiq Sabirli, Zaur Talıbov, Allahverdi Allahverdili, Qasım Zərbəliyev, Nizami Mustafayev fərqlənərək birinci yeri tutublar.
Ikinci mərhələdə, kata növləri üzrə isə Şükran Həsənli həmyaşıdları arasında fərqlənərək birinci yerə layiq görüldü. Respublika çempionatının ikincisi Həsən Davudzadə isə yenə də ikinci yerlə kifayətləndi. 7 yaşlılar arasında kata növləri üzrə isə birinci yerə Yusif Dadaşov layiq görüldü.
Qeyd edək ki, Yusif Dadaşov həm respublika, həm də MDB ölkələri arasında kata növü üzrə birinci yerə layiq görülən idmançımızdır.
Bütün bu uğurlara görə federasiyanın vitse-prezidenti, əməkdar məşqçi Tarverdi Allahverdiyev başda olmaqla, qocaman ustad idmançımız Aydın Dadaşovun, Fərid Əzizovun və adlarını çəkə bilmədiyimiz onlarca idmançımızın böyük əməyi var.
Biz də öz növbəmizdə idmançılarımıza gələcək nailiyyətlərində uğurlar arzu edirik və inanırıq ki, onlar bizim şəhidlərimizin qanını yerdə qoymayacaq, Azərbaycan bayrağını daim ucalarda, dünya arenalarında dalğalandıracaqlar.