“Barselona”nın baş məşqçisi Luis Enrike ÇL-ın 1/4 finalının PSJ ilə bu gün keçiriləcək ilk oyunu haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis rəqibin çox yaxşı komanda olduğunu vurğulayıb və onları çətin oyun gözlədiyini deyib:“Bildiyiniz kimi, PSJ-nin bəzi önəmli futbolçuları bizə qarşı oyunu buraxacaq. Ancaq bu komanda Zlatan İbrahimoviç olmadan da “Barselona”ya qalib gəlib. PSJ də kuboka əsas namizədlərdən biridir. “Çelsi”ni mübarizədən kənarlaşdıraraq nəyə qadir olduğunu sübut edən bir komandaya qarşı oynayacağıq. Bizim kimi onların da hücum xətti güclüdür. İki bir-birinə bənzəyən komanda üz-üzə gələcək”.
Qeyd edək ki, eyni qrupda yer alan komandaların İspaniyada keçirilən oyununda 3:1 hesabı ilə “Barselona” qalib gəlib, Parisdə baş tutan görüşdə isə PSJ rəqibini 3:2 hesabı ilə üstələyib.