AFFA araşdırmaya başladı

AFFA araşdırmaya başladı backend

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda aprelin 10-da keçirilmiş "Bakılı" - "Göyəzən" matçı ilə bağlı araşdırmalara başlanılıb.

Qol.Az-ın Report agentliyinə istibadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın hüquq və kadrlar şöbəsinin rəisi Rəmiş Malıyev məlumat verib.
Onun sözlərinə görə, məqsəd matçın danışılmış olmasına dair iddiaların nə dərəcədə həqiqətəuyğun olub-olmadığını aşkara çıxarmaqdan ibarətdir. R.Malıyev bu məqsədlə hər iki klubun rəhbərliyi ilə söhbətlərin aparılacağını bildirib. AFFA rəsmisi "Bakılı"nın prezidenti Misir Əbilovun danışılmış oyuna əl atmasına inanmadığını söyləyib:

"Misir müəllim ilk klub prezidentlərindəndir, Azərbaycan futbolunda özünəməxsus xidmətlərə malikdir. Özünün emosionallığı heç də onun belə işlərdə iştirakını düşünməyə əsas vermir. Əksinə, "Suyun lal axanı, insanın yerə baxanı" deyiblər. Danışılmış oyunlarda da ilk baxışdan sakit təsir bağışlayan insanların iştirakı hallarına daha çox rast gəlinir".

Oyunun danışılmış olmasına dair xəbəri hələ oyun başlamamış futbolinfo.az saytı yazıb. Matçın ssenarisi və nəticəsi də elə yazılanlar kimi olub. İlk yarıda "Göyəzən" 1:0 hesabı ilə önə çıxıb. Fasilədən sonra isə "Bakılı" 2 qol vuraraq qələbəyə nail olub - 2:1. R.Malıyev isə bildirib ki, nəticənin matçdan öncə mətbuatda yazılması heç də oyunun danışılmış olmasına sübut deyil. O, faktı təsdiqləməyin çətin olduğunu söyləyib:

"Biz hüquq-mühafizə orqanı deyilik ki, klub rəhbərlərini və futbolçuları çağıraq, müxtəlif vasitələrlə əməllərini sübut elətdirək. Üstəlik, qanunvericilikdə yalnız qanunsuz mərc oyunlarının təşkili ilə bağlı cəzaları nəzərdə tutan bənd var. Ona görə də qanunvericiliyə müvafiq əlavələrin edilməsini təklif etmişik. Xarici bukmeyker kontorları ilə də birbaşa əlaqəmiz yoxdur. Adətən, belə məsələlər Asiya bazarı vasitəsilə "həllini tapır". Danışılmış oyun şübhəsi olduqda bukmeyker kontorlarının 80 faizindən UEFA-ya məlumat ötürülür. Hələlik Avropa futbol qurumundan bizə matçın şübhəli olmasına dair bildiriş gəlməyib".

AFFA rəsmisi UEFA-dan şübhəli oyunlar siyahısı aldıqlarına dair xəbərləri də təkzib edib: "Son 2 ildə çempionatımızda danışılmış oyun şübhəsi olan heç bir məktub almamışıq".
Diaspora