"Komandada yorğunluq var idi. Oyun istədiyimiz tempdə alınmasa da, lazım olan nəticəni əldə etdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Təbriz Həsənov AFFA-nın rəsmi saytına deyib.Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olan yığmamızın çalışdırıcısı məqsədlərinə nail olduqlarını bildirib: "Qarşımıza birinci yer tutmaq məqsədi qoymuşduq və buna nail olduq. Əlbəttə, deməzdim ki, hər şey yaxşıdır. Çatışmazlıqlarımız var. Bunu hər üç oyunda gördük. Növbəti toplanışlarda bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Fiziki hazırlığımızı artırmalıyıq. Müdafiədən yarımmüdafiəyə, yarımmüdafiədən hücuma keçəndə ləngimələr olur. Bundan sonra həm seleksiya işini davam etdirəcəyik, həm də komandanın texniki-taktiki hazırlığını yüksəldəcəyik.
Sevindirici haldır ki, məşqlərdə üzərində çalışdığımız standart vəziyyətlərin bəhrəsini gördük. Bu komanda ilə belə qollar çox vurmuşuq. Heyətdə başla dəqiq oynayan uşaqlar var. Çalışırıq ki, onların bu xüsusiyyətini daha da təkmilləşdirək. Eyni zamanda, standart vəziyyətlər zamanı necə müdafiə olunmağı və futbolçuların hansı mövqedə dayanmalı olduğunu başa salırıq. Ancaq bu istiqamətdə nə qədər hazırlıq keçsək belə, yenə də çatışmazlıqların olduğu belə turnirlərdə üzə çıxır”.