“Qəbələ” futbol klubu qış fasiləsində ilk transferini gerçəkləşdirib.
Klubdan Trend-ə verilən məlumata görə, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən A.Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış A.Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, yığma komandada 20 oyun keçirib.
A.Abdullayev transferi ilə əlaqədar deyib: “Qəbələ” Azərbaycanın ən iddialı və ən güclü klublarından biridir. Komandanın həm Azərbaycan çempionatı, həm də ölkə kubokunda böyük hədəfləri var. Mənim də iddialarım böyükdür. Yeni klubuma uğurlar qazanmağa kömək etməyə çalışacağam. İnanıram ki, “Qəbələ”nin həm çempionat, həm kubok, həm də qarşıdakı mövsümlərdə avrokuboklarda qazanacağı nəticələrdə pay sahibi ola biləcəyəm. Futbolçu kimi yetişməyimdə böyük rolu olan “Neftçi” klubuna da təşəkkür edirəm. Bu klubda olduğum müddətdə daim dəstəyini hiss etdiyim azarkeşlərə minnətdaram”.