Tarixin yaddaşına qovuşmuş "Karvan” futbol klubunun təmsilçisi, sabiq futbolçu Xaliq Muradov saxlanılıb. BakiPost.az "Futbol+” qəzetinə istinadən xəbər verir ki, Muradov 1 həftə öncə Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. O və şəriki 7,5 kq narkotik maddə olan marixuana satarkən yaxalanıblar. Onun hazırda Gəncə Təcridxanasında saxlanıldığı deyilir.
Qeyd edək ki, UEFA kubokunda klublarımız arasında ilk və yeganə mərhələ sevincini "Karvan" yaşayıb. Yevlaxlılar 2006-cı ildə Slovakiyanın "Spartak" (Trnava) klubunu mübarizədən kənarlaşdırmaqla bu uğura imza atıb. 13-də Bakıdakı "Şəfa" stadionunda keçirilən ilk matçda təmsilçimiz Xaliq Muradovun qolu sayəsində 1:0 hesablı qələbə qazanmışdı. Cavab matçında da eyni hesabla qalib gələn "Karvan" futbol tariximizə adını həkk etdirmişdi.