Azərbaycanın Uşu-sanda idman növü üzrə layiqli təmsilçisi Ramil Allahverdiyev oktyabrın 25-30-u arası İtaliyanın Carrara şəhərində keçirilən dünya çempionatında 3 vacib döyüş keçərək bütün rəqiblərini məğlub edib və növbəti dəfə qızıl medala layiq görülüb. Həmçinin tələbəsi Sənan Dünyamalıyev bu turnirdə Kungfu-sanda üzrə 3 döyüş keçirib ard-arda qələbələrdən sonra finalda yerli idmançı italiyalı rəqibinə də qalib gələrək dünya çempionu adını qazanıb. Ramil Allahverdiyev ölkəmizdə bu peşəkar idman növü üzrə usta idmançımızdır.
İdmansız yaşaya bilmədiyini deyən Ramil hələ uşaqlıq illərindən bu idman növü üzrə titullar qazanmağa başlayıb. 15 yaşından uğurlu nəticələrə imza atan Uşu-sandaçımız idmanı həyatının ayrılmaz hissəsi hesab edir: "Məni həyatda ümidləndirən və yüksəkliyə qalxmağımda idmanın böyük rolu var. Məsləhət görərdim ki, nəticə qazanandan sonra bunun davamını gətirsinlər. İdman sağlamlığın rəhni olduğu qədər, həm də ölkəmizin idmanının tanıdılmasında böyük rolu var. Hər dəfə beynəlxalq turnirlərdə bayrağımız yüksəklərə qalxanda nə qədər fərəh hissi keçiririk. Bu bizim üçün ən başlıca amil olmalıdır”.Hər bir idmançının karyera dövrü ərzində kitaba yazılacaq yadda qalan anları da olur. İdmançı karyerasında ən unudulmaz anı isə belə xatırlayır: "Əlbəttə mənim üçün ən unudulmaz anlardan biri də ilk dəfə dünya çempionu olmağımdır. Mən bu titula İtaliyada layiq görülmüşəm. İlk dəfə dünya çempionluğumda kəmər sahibi olmağımı bəlkə təsəvvür edə bilməzdim. Amma öz üzərimdə çalışdım və nəticə də qazandım. Ruh yüksəkliyi mənə dəfələrlə dünya çempionluğu və 5 dəfə Avropa çempionluğu qazanmağıma gətirib çıxardı. Mənim üçün ən uğurlu hadisələrdən biri də 2010-cu ildə növbəti uğura imza atmağım və nəticədə ölkə prezidentinin məni qəbul edərək ev hədiyyə etməsi oldu. Mən bunun üçün idmana yüksək diqqət və qayğı göstərən cənab prezidentimizə minnətdarlığımı bildirirəm.
Atam heç vaxt mənim bu idman növü ilə məşğul olmağımı istəməyib. Mən isə məktəb vaxtı dərsdən qaçıb məşqlərə gedirdim. Atam 3-4 il öncə bilib ki, mən hansı idman növü ilə məşğul oluram. Amma anam həmişə məni dəstəkləyib. Mən ard-arda medallar gətirəndən sonra, hər kəs bizdən danışanda sonra artıq atam inandı ki, mən düz yoldayam”.
"Kiçik bir yarışda iştirak edir, medal gətirir və adını da qoyur ki, mən dünya çempionu olmuşam”
Bu günə qədər 10-dan çox dünya çempionluğu və 5 dəfə Avropa çempionluğu yaşayan Ramil Allahverdiyev bəzi idmançı həmkarlarını da qınayıb: "Əvvəllər tədbirlərə tez-tez dəvət alırdım. Yəqin ki, indi kimlərinsə nəzərində az yadda qalmışam. Bilirsiniz, bizi gözdən salan bəzi qeyri-olimpiya növləri ilə məşğul olanlardır. Çünki onlar müxtəlif federasiya adı ilə yarışlara yollanır və gedir kiçik bir yarışda iştirak edir, medal gətirir və adını da qoyur ki, mən dünya çempionu olmuşam. Camaat da görür ki, necə olur, 1 nəfər il ərzində 50-100 medal qazanır. Belə olanda nəticələr artıq inandırıcı görünmür və belə vəziyyətdə əziyyət çəkən bizi kimi idmançıların da nüfuzu itir”.
-Uşu-sanda üzrə dünya idmançıları arasında hansı ölkə yığmasını Azərbaycana rəqib görürsünüz?
-ABŞ və İran idmançıları bu sahədə çox güclüdürlər və həmişə də onlarla döyüşmək mənə çətin olub
-Rəqiblərin sırasında erməni idmançıları da olubmu?
- Olub, amma 2001-ci ildən onlarla rastlaşmamışam. Amma indiyədək keçirdiyim döyüşlərdə məğlub etmişəm və gələcəkdə də rəqibim olarlarsa, təbii ki, qələbəni mən qazanacam.
İdmaçımıza gələcək yarışlarında və 2017 İslam oyunlarında uğurlar diləyirik!
Rüfət Soltan
Adalet.az