Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Qaziler.az Report-a istinadən xəbər verir ki, turun son oyununda “Zirə” və “Qarabağ” komandaları qarşılaşıblar.Qarşılaşmanın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. İkinci hissəyə daha fəal başlayan “Qarabağ” 69-cu dəqiqədə istəyinə çatıb. Dani Kintana meydan sahiblərinin qapısına yol tapıb. 10 dəqiqə sonra Qurban Qurbanovun rəhbərlik etdiyi komanda rəqib torunu ikinci dəfə silkələyib. Bu dəfə Elvin Yunuszadə fərqlənib. Qarşılaşma “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra “Qarabağ” xal ehtiyatını 25-ə yüksəldərək “Qəbələ”yə çatıb. Hazırda bu iki komanda şərikli liderdir. “Zirə” isə 14 xalla 4-cüdür.
Günün ilk oyunu Şüvəlanda keçirilib. Autsayder AZAL “Qəbələ”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. 11 oyundan 25 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində də qalıb. Sonuncu pillədə olan AZAL isə xal ehtiyatını 4-ə çatdırıb.