“Azərbaycan Əlillər Futbolu Federasiyası“-nın yetirmələri Xalça Muzeyinin qonağı oldular

“Azərbaycan Əlillər Futbolu Federasiyası“-nın yetirmələri Xalça Muzeyinin qonağı oldular backend

Oktyabrın 30-da "Azərbaycan Əlillər Futbolu Federasiyası"-nın yetirmələri olan, eşitmə problemli gənclərimiz Azərbaycan Xalça Muzeyində qonaq olublar. Bu barədə Azərbaycan Xalça Muzeyindən QAZİLER.AZ-a məlumat verilib. Muzeyin əməkdaşı Təranə Məlikova xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən Muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondu”nu xovlu xalçalar təşkil edən Muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.



İdmançı gənclərimizə məlumat verilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.



Sonda “Azərbaycan Əlillər Futbolu Federasiyası”- nın (AƏFF) Prezidenti, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse Prezidenti Şaiq Həmidov idmançı gənclərə muzeylə yaxından tanış olmaq imkanı yaratdığına görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin xanım Məlikovaya təşəkkürünü bildirib.

Maddi-mədəni irsimizlə yanaşı, Muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu idmançı gənclərimizdə xoş təəssürat yaradıb.
Diaspora