Dağ velosipedçilərimizin Bakı-2015-ə hazırlığı davam edir. Azərbaycan Velosiped İdmanı Federasiyasından (AVİF) Trend-ə verilən məlumata görə, Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək dağ velosipedi idman növü üzrə Azərbaycan yığma komandası məsul yarışa hazırlığı Sloveniyada davam etdirir. Təlim-məşq prosesi çərçivəsində idmançılarımız beynəlxalq turnirlərdə də iştirak edirlər.
Aprelin 6-da Sloveniya, İtaliya, Xorvatiya və Avstriyadan olan 60 velosipedçinin iştirakı ilə təşkil olunmuş yarışda Avropa Oyunlarında iştirak etməyə namizəd olan yığma komandamızın 4 üzvü - Aqşin İsmayılov, Aqşin Bağırlı, Murad Sultanov və Orxan Məmmədov da iştirak edib. İdmançılarımızdan ən yüksək nəticəyə A.İsmayılov imza atıb - o, 13-cü nəticə göstərib.Qeyd edək ki, martın 29-da Avstriyada 100-dən artıq idmançının iştirakı ilə keçirilən digər yarışda Aqşin 24-cü olub.
Sloveniya turnirində mübarizə aparan digər velosipedçilərimizə gəlincə, A.Bağırlı 19-cu, O.Məmmədov 20-ci, M.Sultanov isə 22-ci yeri tutub.