Braziliyada polis Neru adlı futbolçunu hakimə hücum etdiyi üçün elə meydandaca həbs edib.
Qaziler.az saytının Lenta.ru –ya istinadən bildirdiyinə görə hadisə Alaqoas ştatının “Klub Reqatas Brazil” komandası ilə “Sentro Sportivo Alaqoano” komandaları arasında 2:1 hesabı ilə nəticələnən görüşündə baş verib. Uduzan “Sentro Sportivo Alaqoano” komandasının futbolçuları başda Neru olmaqla hakim briqadası ilə münasibətləri aqressiv şəkildə aydınlaşdırmağa çalışıblar. Dava polis tərəfindən çox tez dayandırılıb. Nəticədə Neru həbs edilib.Bir neçə saatdan sonra idmançı azadlığa buraxılsa da “Sentro Sportivo Alaqoano” komandasının rəhbərliyi futbolçunun tibbi müayinədən keçirilməsini tələb ediblər. Onlar bildiriblər ki, hüquq – mühafizə orqanı əməkdaşları futbolçu ilə vəhşicəsinə davranıblar.
Oyun zamanı polislə hər iki komandanın azarkeşləri arasında da qarşıdurma yaranıb. Azarkeşlər fişəng və daşlardan, polislər isə qaz balonlarından istifadə ediblər.