Futbol üzrə İspaniya çempionatının qalibi adına əsas namizədlər - “Real”, “Atletiko” və “Barselona” klubları - ölkə birinciliyinin səkkizinci turunda qələbə qazanıblar. İspaniya futbolunun liderləri ümumilikdə rəqib qapılarına 17 qol vuraraq, cəmi iki top buraxıblar.
Qaziler.az xəbər verir ki, “Barselona” doğma meydanda “Deportivo”nun qapısından dörd cavabsız top keçirib. Luis Enrikeninin komandasının heyətində Rafinya dubla imza atıb (21 və 36-cı dəq.), hərəyə bir dəfə isə Luis Suares (43) və Messi (58) fərqləniblər.Madridin “Atletiko” klubu “Qranada”nı darmadağın edib. İspaniyanın paytaxtında keçirilən qarşılaşma 7:1 hesabı ilə başa çatıb. “Atletiko”nun heyətində Yannik Ferreyra-Karrasko (34,45 və 62), Nikolas Qaytan (63,81), Anxel Korrea (85) və Tyaqu Mendeş (87) fərqləniblər. “Qranada”nın yeganə qolunu 18-ci dəqiqədə İsaaka Kuenki vurub.
Madridin digər təmsilçisi “Real” klubu isə səfərdə “Betis”ə 6:1 hesabı ilə qalib gəlib. Kral klubunun heyətində Rafael Varan (4), Karim Benzema (31), Marselo (39), İsko (45,62) və Kriştianu Ronaldu (78) fərqləniblər. Ev sahiblərinin təsəlli qolunu 55-ci dəqiqədə Alvaro Sexudo vurub.
Bu nəticələrdən sonra “Atletiko” və “Real” 18 xalla turnir cədvələnə başçılıq edirlər. “Barselona” 16 xalla dördüncüdür. Üçüncü pillədə isə “Leqales”i səfərdə 3:2 hesabı ilə məğlub edən “Sevilya” klubu qərarlaşıb.