Cari mövsümdə zəif nəticələrlə diqqət çəkən "Neftçi" əcnəbi məşqçi gətirəcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, baş məşqçi Elxan Abdullayevin əsas köməkçisi yadelli olacaq.
Əvvəlcə İqor Getman və Dmitri Kramarenkonu heyətinə dəvət edən Abdullayevin 3-cü köməkçisinin adı ötən həftə açıqlanmışdı. Klub rəhbərliyi fiziki hazırlıq üzrə məşqçi vəzifəsini Andrey Kolesnikova həvalə etmişdi.Abdullayevin əsas köməkçisi üçün axtarışlar isə hələ davam edir. Bununla belə, həmin mütəxəssisin əcnəbi olacağı dəqiqdi.
Bundan əlavə, "Neftçi" heyətini hazırda işsiz olan azərbaycanlı futbolçularla gücləndirmək variantını nəzərdən keçirir.
Bir neçə gün öncə millinin sabiq müdafiəçisi Mahir Şükürov əvvəlki formasını yığmaq üçün "ağ-qaralar"a müraciət etmişdi. Klub isə Şükürovun müraciətini müsbət cavablandıraraq, onun komanda ilə birgə məşq keçməsinə şərait yaratmışdı. Paytaxt təmsilçisi klub axtarışında olan digər yerli oyunçulara da eyni imkanı yaratmaq və lazım olacağı təqdirdə, onların xidmətindən yararlanmaq niyyətindədir.
Qeyd edək ki, Topaz Premyer Liqasının cari mövsümündə ilk 5 turdan sonra cəmi 3 xal toplayan "Neftçi" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.