Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib. Trend-in məlumatına görə, ilk oyun Zaqatalada baş tutub. “Simurq” AZAL-ı qəbul edib. Oyunun 37-ci dəqiqəsində Draqan Çeran penalti zərbəsini dəqiq yerinə yetirib - 1:0. Matç elə bu hesabla da başa çatıb.
Beləliklə, "Simurq" 24 oyundan 35 xal toplayaraq turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Onun ən yaxın izləyicisi "Qəbələ"nin 34 xalı var. “Xəzər Lənkəran” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Hesabı qonaqlar açsa da, meydan sahibləri Rasim Ramaldanov və Ruslan Poladovun qolları ilə önə keçiblər. 69-cu dəqiqədə Aleksandr Çertoqanov hesaba tarazlıq gətirib. 87-ci dəqiqədə isə Adrian Skarlatake son nöqtəni qoyub - 3:2.“Neftçi” isə öz meydanında “Bakı”nı sınağa çəkib. Oyun flaqmanın qələbəsi ilə başa çatıb: Nikolas Kanales, 42 (1:0), Julius Vobay, 65 (2:0).
Tura sabah "Qarabağ" - "İnter" oyunu ilə yekun vurulacaq.