Nicat Rəhimovun atası: “Dedilər, sən çörəkçisən, oğlun da getsin çörəyini bişirsin”

Nicat Rəhimovun atası: “Dedilər, sən çörəkçisən, oğlun da getsin çörəyini bişirsin” backend

“Nicatı 3 il öncə Qazaxıstana mən aparmışam. Onun perspektivini görmək lazım idi. Lakin burada bəziləri kor idilər, görmədilər”.

Bunu müsahibəsində Nicat Rəhimovun atası Əli Rəhimov deyib.

Oğlunun Rio Olimpiadasında çempion olmasının sevincini bölüşən Rəhimov bildirib ki, rekordla gələn “qızıl” Nicatın zəhmətinin bəhrəsidi: “Yarışdan əvvəl də, sonra da Nicatla danışmışam. Ona dünən mübarizəyə başlamazdan, körpücük üzərinə çıxmazdan öncə dedim ki, bala, 2 yaşında bu əziyyəti çəkməyə başlamısan. Səni çiyinlərimdə məşqə aparmışam. Bildirdim ki, bu əziyyətin bəhrəsini indi görməlisən. 20 ildən artıqdı bu uğur üçün çalışırdı. Onun bir şəkli var ki, orada əlini göstərir. Yəni, həmin əllər sayəsində bu səviyyəyə çatıb”.

Sevincindən gecə yatmadığını deyən ata Rəhimov fəxri kürsüdə ağlamasını görməyib. Onun sözlərinə görə, bu səbəbdən Nicatın hansı səbəbdən göz yaşları axıtmasını deyə bilməyəcək: “Mükafatlandırma mərasiminə baxmamışam. Düzdü, İTV oğlumun yarışını göstərdi. Amma incikliyim ondandı ki, mükafatlandırma mərasimini yayımlamadılar”.

Rəhimov oğlunun Azərbaycandan getməsində “payı” olanlara təşəkkür də edib. Onun sözlərinə görə, Nicat burada qalsaydı, yığmadakı ab-havaya görə nə dünya, nə də Olimpiya çempionu ola bilərdi: “2013-cü ilin avqustundan Qazaxıstana yollanan Nicat hələ Azərbaycana gəlməyib. Onun gedişi bizim bəzi federasiya rəsmilərinin sayəsində oldu. Bəzi KİV-lər Nicatın təlim-məşq toplanışından qovulduğunu, bəziləri isə Azərbaycandan qaçdığını yazdılar. Onu vətən xaini kimi qələmə verdilər. Amma oğlum Azərbaycandan nə qaçıb, nə də qovulub. Bəzi “insanlar”ın sayəsində ölkədən qaçırılıb. Azərbaycan Ağır Atletika Federasiyasının sabiq icraçı direktoru İsgəndər Əsgərov və baş məşqçi Zlatan Vanevin üzündən onu təlim-məşq toplanışından özüm apardım. O vaxt elə apasport.az saytına müsahibəmdə onların ünvanına hər sözü demişdim. Amma indi fikirləşirəm ki, gərək təşəkkür edərdim”.

Nicatın atası sabiq federasiya nümayəndəsinin ona “məsləhətlər” verdiyini də açıqlayıb: “Həmin vaxt Əsgərov mənə təklif etdi ki, oğlunu götür, apar Gürcüstana. Federasiya prezidenti Cahangir Əsgərova da bu barədə məlumat vermişəm. Amma ona qulaq asmayıb, Qazaxıstana apardım. Qardaş ölkədi, bayrağı dalğalananda “Nicat ağladı” dediz. Onlar da İslam ölkəsidi, bayraqları yaşıldı. Sonra oğlumun gah “alkaş”, gah da müxalifətçi adlandırdılar. Bilmirəm, mən nə vaxt müxalifətçi olmuşam? Könüllü olaraq, vətənimi qorumuş bir insanam. Heç bir müxalifətin üzvü olmamışam, həmişə prezidentimizi dəstəkləmişəm. Çünki o, idmançıların prezidenti yox, qardaşı olub. Mən cənab İlham Əliyevə bu barədə məktub yazacam. Nicat da, mən də Azərbaycan ağırlıqqaldırmasının “sıfır”a enəcəyini demişdik. Həmin vaxt bu söhbətlərə dırnaqarası baxırdılar. Hətta İsgəndər Əsgərov deyirdi ki, onun atası çörək bişirəndi, getsin, çörəyini bişirsin. Zlatan Vanevi çox tərifləyirdi. Amma o, Azərbaycan ağır atletikasını kökündən məhv etdi. Yenə də deyirəm, düzəlməyəcək. Çünki elə bir zərbə vurub ki... Deyirdim ki, ağır atletika bazasında pozğunçuluq baş alıb gedir, içki içən kim, qumar oynayan kim, siqaret çəkən kim. Bu indi də davam edir. 12-13 yaşlı uşaqlar təlim-məşq toplanışında siqaret çəkirlər, avaralıq da edirlər. Bunun bünövrəsini Əsgərovla Vanev belə qoyub. İkisinə təşəkkür edirəm ki, məni oğlumu buradan aparmağa məcbur etdilər. Aparmasaydım, o da digərlərinin tayı olacaqdı, bədbəxt həyat sürəcəkdi”.

Əli Rəhimov bu gün ya sabah Qazaxıstana da yollanacağını deyib. O vurğulayıb ki, yığmanın baş məşqçisi şəxsən ona zəng edərək, bu ölkəyə dəvət edib: “Dünəndən bəri yatmamışam. Sizə “Riodan sonra danışacam” demişdim. Sizin vasitənizlə Azərbaycan xalqına təşəkkür edirəm. Çünki millətimizin oğluma necə dəstək olduğunu gördüm. Nicat Olimpiya çempionu olduqdan sonra sosial şəbəkələrdəki səhifələrinə yüzlərlə təbrik yazıldı. Hamısı da “sağ ol ki, getmisən” yazıb. İndi də məni komandanın baş məşqçisi oğlumu qarşılaşmaq üçün Qazaxıstana dəvət edib. Yuxusuzam, yorğunluğu yoluna qoyduqdan sonra oraya gedəcəm”.

Apasport.az
Diaspora