“Qarabağ”, nəhayət ki, axtardığı hücumçunu tapıb. Apasport.az saytının Kipr mətbuatına istinadən məlumatına görə, Azərbaycan çempionu “Anortosis”in forvardı Nido Ndolovunu transfer edib.
Həmkarlarımızın yazdığına əsasən, uzun müddətdi aparılan danışıqlar müsbət nəticələnib və “Qarabağ”ın 350 min avroluq təklifini Kipr klubu qəbul edib. Ötən mövsüm “Anortosis”in heyətində keçirdiyi 28 oyunda 16 qola imza atan Cənubi Afrika millisinin üzvünün bu gün “köhlən atlar”la müqavilə imzalayacağı da bildirilib. Keçid rəsmiləşdikdən sonra Ndolovunun adı UEFA-ya göndəriləcək və o, Avropa Liqasının pley-off mərhələsində “Höteborq”la matçlarda debüt etmək imkanı qazanacaq.
Qeyd edək ki, 2012-ci ildən Cənubi Afrika yığmasına çağırılan 26 yaşlı forvard “Anortosis”ə ötən ilin yayında Hayfa “Makkabi”sindən keçmişdi.