Çingiz Abdullayev “Neftçi”nin rəhbəri seçilib - RƏSMİ

Çingiz Abdullayev “Neftçi”nin rəhbəri seçilib - RƏSMİ backend

Klubda struktur dəyişikliyi olub. Bu gün “Neftçi” klubu yeni rəhbərini seçib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin binasında keçirilən iclasda “Neftçi”nin Müşahidə Şurasının rəhbəri vəzifəsinə tanınmış yazıçı Çingiz Abdullayev seçilib. Bundan əlavə, yeni yaradılan Müşahidə Şurasının üzvləri də təsdiqlənib.

“Neftçi”nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Sadıq Sadıqov bundan sonra Müşahidə Şurasının üzvləri sırasında yer alacaq. Onunla yanaşı, Bəhram Bağırzadə, Mübariz Zeynalov, Səməd Qurbanov, Zaur Qəhrəmanov və Cəbrayıl Cəbrayılov da həmin şurada olacaq. Digər üzv Çingiz Abdullayev isə Şuraya rəhbərlik edəcək.

İclasdan sonra AFFA prezidenti Rövnəq Abdullayev çıxış edib: “Bu gün nəinki "Neftçi"də, bütövlükdə Azərbaycan futbolunda dəyişiklik vaxtı gəlmişdi. Keçən il qərara alınmışdı ki, klublarda Müşahidə Şurası yaradılsın. Müəyyən problemlər oldu. Bilirsiniz ki, "Neftçi" Futbol Klubu ayrı qurum idi. Bizim "Neftçi" İdman Klubumuz var ki, orada 36 idman növündə 5 minə yaxın idmançı çalışır. "Azərneftyağ" Neft Emalı Zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bunun qərarını verdik. "Neftçi" Futbol Klubunda artıq Müşahidə Şurası yaradıldı. Müşahidə Şurasında 7 nəfər təmsil olunacaq. Düşündük ki, Şurada tanınmış simalar yer alsın. Çingiz Abdullayevdən xahiş etdik ki, Müşahidə Şurasına rəhbərlik etsin. O, "Neftçi"sevərlərdəndi. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da Şuranın üzvü olmağa razılıq verdilər. Zaur Qəhrəmanov da Şurada yer alacaq. "Neftçi"nin aksiyaları buraxılacaq. Bizdə gələn ilə qədər şəxsi klub olmayacaq, klubu ictimaiyyət idarə edəcək”.

Komandanın aksiyalarının satılacağını deyən AFFA rəhbəri bildirib ki, klub idarəçiliyi ictimailəşəcək: “Bunun təhlilini aparmışıq. Azərbaycanda son 15 ildə 18 klub fəaliyyətini dayandırıb. Bunun qarşısını almağa çalışırıq. Avropada klubların 100 yaşı var. Çünki orda klublar ictimailəşib. Biz də qərara aldıq ki, bu yolla getməliyik. Rayonlardakı klublar da belə idarə olunacaq. Dövlət tərəfindən maliyyələşmə mexanizmi düşünüləcək. Artıq heç bir klub bir adamın olmayacaq. Artıq hər klub öz bölgəsinin klubu olacaq, orda hamı cavabdeh olacaq. Məncə, bu daha doğru yoldu. Biz də bunu "Neftçi"dən başladıq. Bu, İdarə Heyətinin ilk iclasıdı. Müşahidə Şurasında yer alanlar bu işə həvəslə girişirlər. İnanıram ki, bunun futbolumuza dəstəyi olacaq. Bütün klubun idarəçiliyi Müşahidə Şurasına keçib”.

Daha sonra Çingiz Abdullayev çıxış edib. O, futbolu çox sevdiyini deyib: “Futbolu bilirəm. Bu təklifi eşidən kimi razılıq verdim. İlk iş yığışıb danışmaqdı. "Neftçi"də təcrübəli adamlar, ömür boyu futbolla məşğul olanlar var. Səməd Qurbanovun oyununu yaxşı xatırlayıram. İlk növbədə məsləhətləşməliyik, görək, bu təcrübəlilər nə məsləhət verirlər? Fakt odur ki, mən yazıçıyam, bu işləri tək həll edə bilmərəm, peşəkarlarla çalışacağam. Növbəti seçkidə məni istəməsələr, burda qalmayacağam”.
Diaspora