"Sizin bu qələbəniz - qızıl, gümüş və bürünc medallar qazanmağınız ilk Avropa Oyunları ərəfəsində bizim üçün daha çox vacibdir".
Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Türkiyədə keçirilən karate üzrə Avropa çempionatında iştirak edən Azərbaycan karateçiləri ilə görüşdə deyib.A.Rəhimov qeyd edib ki, Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçirilir, xalq tərəfindən də bu Oyunlara böyük dəstək var: "Biz bu dəstəyi, bu etimadı doğrultmalıyıq. Bizim təklifimiz ilə karatenin ilk Avropa Oyunlarının proqramına salınması vacib məsələdir. Biz bilirik ki, bizim yığmamız çox güclüdür, bu idman növü Azərbaycanda çox populyardır, geniş yayılıb".
A.Rəhimov karatenin gənclərin tərbiyə edilməsində mühüm rolu olduğunu da deyib: "Biz hazırda müharibə şəraitində yaşayırıq və bizim üçün sağlam gənclər, idmançılar çox lazımdır".
Nazir qeyd edib ki, Azərbaycanda karateçilərin məşqləri, onların tibbi müayinədən keçməsi üçün bütün şərait yaradılıb.