Dopinqlə bağlı ciddi nöqsanlara görə 387 idmançıdan ibarət Rusiya yığması tam heyətlə Rio-de-Janeyro Olimpiadasından kənarlaşdırılıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.Nəşrin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın həyata keçirdiyi “dövlət dopinq proqramına” görə ölkə yığmasının bütün heyətini cəzalandırmağa qərar verib.
Mənbənin məlumatına görə, BOK-da Rusiyanı həmçinin Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından da kənarlaşdırmaq niyyətindədirlər.
“BOK bununla dopinqin bütün idmana ağır zərbə olduğunu nümayiş etdirmək istəyir”, - deyə mənbə bildirib.
Rusiya Olimpiya Komitəsi bundan əvvəl ölkə yığmasının tərkibinin təsdiqlənməsi üçün idmançıların tam siyahısını Rio-2016 Olimpiya Oyunlarının Təşkilat Komitəsinə göndərib.
BOK İcraiyyə Komitəsi iyulun 24-də Rusiya millisinin Rio-2016 Olimpiya Oyunlarında iştirakına dair qərar verəcək.
Rio-2016 Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək.