Portuqaliyanın paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildiriblər ki, bu yarışlar vətənə iki bürünc medal gətirən gimnastımız Marina Durundanın parlaq çıxışları ilə yadda qalıb. Azərbaycan yığmasının lideri və qarşıda gələn Avropa oyunlarının idman səfiri, Marina top və lent ilə hərəkətlərdə 3-cü olub. Bizim gimnastımız gürzlər və halqa ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək 4-cü yerdə qərarlaşdı. Bundan əlavə, o, çoxnövçülükdə 5-ci yer tutub.
Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində keçirilən beynəlxalq turnirində iplə çıxış edən yeniyetmə gimnastımız Jalə Piriyeva qazandı.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş top ilə parlaq çıxışları da diqqətdən kənarda qalmayıb. Əfsanəvi pop-musiqisinin kralı Maykl Ceksonun “Smooth Criminal” mahnısının sədaları altında icra olunan və artıq bədii gimnastika aləmində məşhur olmuş çıxışları bütün tamaşaçıları ayağa qaldırdı. Yarışın yekunları üzrə dördüncü gələn azərbaycan gimnastlarının çıxışı gurultulu alqışlar ilə qarşılanmışdır.